Bahalaşma, inflyasiya... - 2022-nin iqtisadi mənzərəsi

11:15 29.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan iqtisadiyyatı daha bir ili başa vurmaq üzrədir. Ümumilikdə yanaşdıqda,  cari ilin 11 ayının göstəriciləri onu deməyə əsas verir ki, iqtisadiyyatda pandemiyanın təsirlərindən sonrakı bərpa prosesi davam edib.

2022 - kəskin inflyasiya ili

Əslində dünya iqtisadiyyatı 2022-ci ilə böyük ümidlərlə başlamışdı. Çünki əvvəlki illərlə müqayisədə pandemiyanın zəifləməsi fonunda yumşalmaların iqtisadi fəaliyyəti canlandırması gözlənirdi. Amma Rusiya-Ukrayna müharibəsi bütün proqnozları alt-üst etdi və 2022-ci il kəskin inflyasiya ili kimi yaddaşlarda qaldı.

Təbii ki, dünyanın bir parçası olan Azərbaycan iqtisadiyyatında da bahalaşmanı 2022-ci ilin əsas iqtisadi mövzusu hesab etmək olar. Rəsmi məlumatlara görə, il ərzində qeydə alınan inflyasiya 13.8 faiz olub. Bu, 2008-ci ildən bəri (20.8 faiz) Azərbaycanda qeydə alınan ən yüksək göstəricidir. Sırf ərzaq inflyasiyasına baxanda qiymət artımlarının daha kəskin olduğu gözə çarpır. Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ərzaq məhsulları son bir ildə düz 21 faiz bahalaşıb. Əhali xərclərinin 60 faizə yaxınını ərzaq məhsullarına sərf edib. Bu baxımdan, aydın olur ki, il ərzində qiymət artımları əhalinin rifahına ciddi təsir göstərib.

Neft bahalaşdı, gəlirlərimiz artdı

Məlum məsələdir ki, ölkə büdcəsinin təxminən yarısı birbaşa Neft Fondundan transferlər hesabına formalaşdığından dünya bazarlarında enerji qiymətləri Azərbaycanın büdcə gəlirləri baxımından da çox önəmlidir. 2022-ci il boyunca baş verən geosiyasi hadisələr enerji qiymətlərinin hökumətin gözləntilərini də aşmasına səbəb oldu. 2022-ci ilin büdcəsi qəbul edilərkən il ərzində büdcədə neftin bir bareli 50 dollardan hesablanmışdı. Ancaq ilin böyük bir hissəsində neftin qiyməti 100 dollardan yüksək oldu. Elə bu səbəbdən də ilin ortasında Azərbaycanda büdcəyə yenidən baxılaraq dəyişikliklər edildi. Yeni büdcədə neftin bir barelinin qiyməti artıq 85 dollardan hesablandı. Bu baxımdan, ilin ortasında büdcəyə yenidən baxılması və yeni büdcənin qəbulu Azərbaycanda 2022-ci ilin əsas iqtisadi hadisələrindən biri sayıla bilər.

Azərbaycanda enerji məsələləri ilə bağlı 2022-ci ildə baş verən digər bir vacib məsələ təbii qaz gəlirlərinin kəskin artmasıdır. Öncəki illərdə ölkənin enerji gəlirlərinin əsas bölümü neftdən, daha kiçik hissəsi isə təbii qazdan gəlirdi. Məsələn, 2019-cu ildə Azərbaycanın toplam ixrac gəlirlərinin cəmi 12 faizi təbii qaz gəlirlərindən ibarət idi. 2022-ci ilin 11 ayında isə təbii qaz ixracı toplam ixracın 41 faizinə yüksəlmişdi. Təbii qaz ixracından gəlirlərin artması bir neçə amilə bağlıdır. Bunlardan biri son illər yeni kəmərlərin işə düşməsidir. İnfrastruktur imkanlarının artması ixrac edilən təbii qazın da həcmini artırıb. Digər tərəfdən, 2022-ci ilin əvvəlində Rusiyanın Ukraynaya təcavüzü də bu məsələdə rol oynayıb. Avropanın Rusiyadan təbii qaz asılılığı Rusiyaya tətbiq edilən sanksiyalar fonunda risk amilinə çevrilib. Bu da dünya bazarlarında təbii qazın qiymətləri kəskin artırıb.

Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edir

Qeyd edək ki, hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələsi vacib amil sayılır. Bu mənada, Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin etmiş durumdadır, bu sahədə digər ölkələr üçün də mühüm rol oynayır və bunu getdikcə, genişləndirməkdədir. Bu il Azərbaycan bununla bağlı olduqca mühüm addımlar atdı. Belə ki, ilin daha bir mühüm hadisəsi iyul ayında Avropa Komissiyası Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı ölkəmizlə adıçəkilən qitə arasında qaz təchizatı 2 dəfəyədək artırmaq haqda Anlaşma Memorandumunun imzalanması oldu.

Xatırladaq ki, 2021-c ildə ümumi qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil edib. Bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub. Bu, əvvəlki ildən 40 faiz çox deməkdir. Bu il üçünsə 22 milyard kubmetr ixrac təşkil edəcək ki, bunun da 11,3 milyard kubmetrini Avropa alıb. Gələn il üçünsə Azərbaycanın təbii qaz ixracı həcmi ümumən 24 milyard kubmetr təşkil etməklə 11,6 milyard kubmetrdən çox hissəsi “qoca qitə”yə axacaq. Yuxarıda adını qeyd etdiyimiz anlaşmaya əsasən Avropaya qaz ixracının 2 dəfəyə kimi artırılması 2027-ci ilədək həyata keçiriləcək.

Azərbaycanla Avropa arasında yeni bir enerji körpüsü daha qurulur. Qeyd edək ki, yaşıl enerji əsasında istehsal olunan elektrik enerjisinin Avropaya ixracının  hədəflənməsi Azərbaycanın enerji strategiyasında yeni mərhələ sayıla bilər. Bu baxıımdan 2022-ci ilin dekabrın 17-də Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında “ imzalanan saziş xüsusi əhəmiyyət kəsb edir. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniyanın Baş naziri Nikolae Çiuça və Macarıstanın Baş naziri Viktor Orban imzalayıb. İmzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen iştirak edib.

Rumıniya Prezidentinin rəsmi saytının məlumata görə, saziş Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqələrinin gücləndirilməsini, təchizat mənbələrinin şaxələndirilməsini, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialından istifadə edilməsini nəzərdə tutur və dörd dövlətin maraqlarına cavab verir.

Prezident İlham Əliyev isə imzalanma mərasimində Azərbaycanın bərpaolunan enerji sahəsində potensialının böyük olduğunu vurğulayıb: "Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 giqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə, külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır," Əliyev qeyd edib.

Onun fikrincə, sənəd yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir: “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq. Saziş yaşıl enerji dəhliznin yaradılması üçün olduqca vacib bir sənəddir”.

Avropa rəsmilərinin də son bəyanatları Ukrayna-Rusiya müharibəsindən sonra qitəni təhdid edən enerji böhranı fonunda yenidən etibarlı tərəfdaş olan Azərbaycana üz tutmalarını təsdiqləyir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır: “İmzalanan sənəd Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq. Bu bizim hər iki regionumuzda təmiz enerjiyə çatmağa yardım edəcək. Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir”.

Macarıstanın Baş naziri Viktor Orban vurğulayıb ki, Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması təqdirəlayiqdir: “Avropa Komissiyasının müdrikliyinə görə biz Azərbaycana çox diqqət yetirdik, onunla əməkdaşlığımızı inkişaf etdirdik. Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması təqdirəlayiqdir. Mən özüm də bir il ərzində Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi etibar edə biləcəyinin şahidi olmuşam”.

Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheyli əmindir ki, ikitərəfli əməkdaşlıq iqtisadi və sosial fayda gətirəcək: “Planlarımızın necə gerçəkləşdiyini görəndə həmişə sevinirəm. 17 milyard avro dəyərində olan Qara dənizin enerji təchizatı üçün sualtı kabelin çəkilməsi qarşılıqlı iqtisadi və sosial fayda gətirəcək”.

Beləliklə, həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın Avropa qitəsindəmövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir və Avropa İttifaqı, həmçinin quruma üzv olan dövlətlər etibarlı tərəfdaş olan Azərbaycanla münasibətlərin yeni mərhələsinə qədəm qoyur.

Azad olunmuş ərazilərimizdə iqtisadiyyat da dirçəldilir

Bu ilin mənzərəsinə nəzər yetirərkən işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və qurulması istiqamətində aparılan işlərə toxunmamaq mümkün deyil. İşğaldan azad olunan ərazilərdə Füzuli Beynəlxalq Hava Limanından sonra inşa edilən ikinci beynəlxalq aeroport – Zəngilan Beynəlxalq Hava Limanın açılışı 2022-ci ildə bu baxımdan ən mühüm hadisələrdən oldu. Cəmi 1 il 6 ay ərzində tikilib istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına uyğun sayılır. Və bu tikili Zəngəzur dəhlizi üzrə ən mühüm hava nəqliyyatı infrastrukturu rolunu oynayacaq. Limanın uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişindir. Bu tikili bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək iqtidarındadır.